Dövlət Sosial Müdafiə Fondu 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verib. Bu barədə DSMF-in məlumatında deyilir.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2012-ci il aprelin 30-da 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalayıb.
Birdəfəlik maddi yardımın verilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 7,5 mln. manat vəsait ayrılacaq.
"DSMF birdəfəlik yardımı artıq vətəndaşların hesablarına köçürüb", - deyə məlumatda qeyd edilir.
Birdəfəlik maddi yardım alacaq 28,968 min nəfərdən 2,739-u müharibə iştirakçısıdır.
Yardımın məbləği 500 manat təşkil edib.
Daha 26,229 min nəfər - Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçıları 200 manat məbləğində birdəfəlik maddi yardım alacaqlar.