Mayın 15-dən iyunun 15-nə qədər Bakı Müasir İncəsənət Muzeyində Azərbaycan, britaniyalı və digər xarici rəssamların da iştirak edəcəyi “Birləşən Körpülər” sərgisi keçiriləcək. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Azərbaycanın müasir incəsənətinin təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunan və bu sərgidə Sara Lukas, Kit Kaventri, Ceyms Turrell, İdris Xan və Olimpiya Skerri kimi dünya şöhrətli rəssamların işləri təqdim ediləcək.
Həmçinin sərgidə Altay Sadıxzadə, Ağa Hüseynov, Niyaz Nəcəfov, Rəşad Ələkbərov və Fərid Rəsulov kimi Azərbaycanın tanınmış müasir rəssamlarının işləri də nümayiş etdiriləcək.
Sərginin kuratorları “YARAT!”-ın banisi və direktoru Aidə Mahmudova və incəsənət sahəsində londonlu mütəxəssis və iş adamı Adam Vaymutdur.
“Birləşən Körpülər”in keçirilməsində əsas məqsəd – həm Azərbaycanda, həm də bütün dünyada müasir rəssamlıqda dialoqun inkişaf etdirməkdir.