Azərbaycan Beynəlxalq Bankı “Lider beynəlxalq pul köçürmələri” sisteminə qoşulub. Bu barədə bankın məlumatında deyilir.
132 ölkədə 130 mindən çox xidmət məntəqəsini əhatə edən bu sistem vasitəsi ilə MDB və Baltikyanı ölkələrə, Gürcüstana və uzaq xarici ölkələrə pul köçürmələri həyata keçirilir.
MDB ölkələrinə pul köçürmələrində “Vahid” tarif qüvvədədir. Bu tarifə əsasən, 3 min dollar/avroya qədər (100 min rubl) köçürmələrə 1,5%, 7 min dollar/avroya qədər (200 min rubl) 1,3%, 20 min dollar/avroya qədər (500 min rubl) köçürmələrə 90 dollar/avro və ya 2,2 min rubl komisyon haqqı tutulur.
Hazırda bu sistemə Azərbaycan Beynəlxalq Bankının 15-dən çox filial və şöbəsi qoşulub.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.