Ötən həftə Azərbaycanda 62 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 25 nəfər həlak olub, 118 nəfər yaralanıb. Bu barədə bazar ertəsi "İnterfaks-Azərbaycan" agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ən ağır qəzalardan biri Bakı şəhərinin Sabunçu rayonunda olub, iki sərnişin avtobusunun toqquşması 18 nəfərin yaralanması ilə nəticələnib.
Nəsimi rayonunda "Nissan" markalı avtomobilin aşması nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb. Nəsimi rayonunda "VAZ 21015" markalı avtomobil aşıb, nəticədə sürücü həlak olub. Yasamal rayonunda "Isuzu" markalı avtobusun ağaca çırpılması səkkiz sərnişinin yaralanmasına səbəb olub. Qaradağ rayonunda "Mercedes" markalı avtomobilin aşması nəticəsində iki nəfər həlak olub, daha iki nəfər xəsarət alıb. Lənkəran rayonunda "QAZ-66" markalı avtomobil aşıb, nəticədə bir nəfər həlak olub, üç nəfər yaralanıb. Beyləqan rayonunda "Mercedes" markalı avtomobilin aşması nəticəsində bir nəfər həlak olub, üç nəfər xəsarət alıb.