Taqanroqda 416-cı Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçiriləcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Mayın 9-da Taqanroqda bu şəhərin faşistlərdən azad edilməsində qəhrəmanlıqla həlak olmuş əsgərlərin, o cümlədən əsasən azərbaycanlılardan təşkil olunmuş 416-cı Taqanroq və 130-cu diviziyaların əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin əsaslı təmirdən sonra təntənəli açılışı olacaq”, - deyə məlumatda bildirilir.
Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycanın Rus icmasının rəhbəri Mixail Zabelin, Azərbaycan Kazakları icmasının, Respublika Veteranlar Şurasının nümayəndələri, Əfqanıstan və Qarabağ müharibəsi veteranları, ictimai xadimlər, Rusiyadakı Azərbaycan diasporunun təmsilçiləri iştirak edəcəklər. Rusiya tərəfindən tədbirdə Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasiliy Qolubev, Rostov vilayətinin şəhər və rayonlarının nümayəndə heyətləri, Böyük Vətən Müharibəsi veteranları, Taqanroq hərbi qarnizonunun hissələri iştirak edəcəklər.
Abidənin açılışı və Böyük Vətən Müharibəsində qələbənin 67-ci ildönümü münasibətilə Memorial kompleksin önündə mitinq, sonra təntənəli hərbi parad keçiriləcək.
Taqanroqdakı abidə kompleksi 1980-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə açılıb.