Heydər Əliyev Fondu “Eurovision-2012” çərçivəsində Azərbaycanı tanımaq, tarixi və zəngin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradan humanist aksiya reallaşdırıb.
Fond iştirakçı dövlətlərdə fiziki qüsurlu uşaq və yeniyetmələr arasında “Mən Azərbaycanı kəşf edirəm” mövzusunda inşa müsabiqəsi keçirib.
Müsabiqənin şərtlərindən biri də yalnız 9-18 yaş arası məktəblilərin iştirakının nəzərdə tutulmasıdır. İnşa müsabiqəsinə təqdim olunan yazıların qəbulu aprelin 30-da başa çatıb. Təşkilat komitəsi müsabiqə iştirakçılarının göndərdiyi elektron yazılara baxaraq seçim aparıb və qaliblər müəyyən edilib.
Hər iştirakçı dövlətdən iki nəfər müsabiqə qalibi və onları müşayiət edən şəxslər Azərbaycanın qonağı olacaq. Həmin günlərdə onlar uyğunlaşdırılmış yaşayış yeri və nəqliyyat vasitəsi ilə təmin olunacaqlar. Gəzinti və istirahət üçün tərtib olunmuş xüsusi proqram əsasında qonaqlar Bakı ilə yaxından tanış olacaq və “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsində möhtəşəm şounu izləmək şansı əldə edəcəklər.
2012-ci ildə 57-ci “Eurovision” Dövlət Bayrağı meydanı yaxınlığında inşa edilən “Baku Crystal Hall”da keçiriləcək. “Baku Crystal Hall” 23 min tamaşaçı üçün nəzərdə tutulur, daha 16 min tamaşaçı müsabiqənin yarımfinal və final mərhələləri böyük monitorlarda seyr etmək imkanı əldə edəcək. Müsabiqənin yarımfinal turları mayın 22 və 24-də, finalı – mayın 26-da keçiriləcək.