Ermənistan prezidenti Serj Sarqsyanın işğal edilən torpaqlara səfəri provokasiyadır və Dağlıq Qrabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə zərər yetirir. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bəyan edib.
“Bunu (Ermənistan prezidenti Serj Sarqsyanın Azərbaycanın işğal edilən Şuşa şəhərinə səfərini – İF-Az) danışıqlar prosesinə zərərdən başqa heç bir şey gətirməyən, erməni tərəfində münaqişənin həlli üçün siyasi iradənin yoxluğunu nümayiş edən provokasiya kimi qiymətləndirmək olar”, - deyə E.Abdullayev cümə axşamı jurnalistlərə bildirib.
Mətbuat katibinin sözlərinə görə, Azərbaycan ölkənin ərazi bütövlüyünü bərpa edəcək. “Dünta Bakının mövqeyini dəstəkləyir. Heç kim şübhə etməsin ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”, - deyə E.Abdullayev vurğulayıb.
S.Sarqsyan mayın 9-da Ermənistan silahlı qüvvələrin işğal etdiyi Azərbaycan torpaqlarında hərbi paradda iştirak edib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.