“AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutunun Qafqaz Tarix Mərkəzi politoloq Fuad Axundovun “Saxtakarlıqları ifşa edənlər” kitabının birinci cildini və 5 hissədən ibarət “Qafqazda Ermənistan... Mövcud olmamış ölkə?.” videoçarxını təqdim edir. Təqdimat mayın 11-də saat 11:00-da “İnterfaks-Azərbaycan” İA-nın mətbuat mərkəzində keçiriləcək.
Təqdimatda Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov, Qafqaz Tarix Mərkəzinin rəhbəri Şəlalə Həsənova və xalq artisti Fəxrəddin Mənafov iştirak edəcəklər.
Kitabın konseptual yeniliyi ondan ibarətdir ki, burada erməni saxtakarlıqlarını ifşa edənlər rolunda yalnız əcnəbi alimlər, siyasətçilər, yazıçılar və ictimai xadimlər çıxış edirlər. ABŞ, Avropa ölkələri, Rusiya və Gürcüstandan 140-dan çox müəllifin fikirləri və elmi tezisləri 32 mövzunu əhatə edir: “Erməniləşdirilmiş Albaniya”, “Elm və antielm”, “Uydurma salnamələr və tərcümələr”, “İrəvan: tarix, həqiqət və yalan”, “Oğurlanmış əsərlər və mixi yazı”, “Erməniləşdirilmiş məşhurlar”, “Əlifba: həqiqət axtarışında”, “Ermənilərin Qafqaza demoqrafik təzyiqi”, “301-ci il - ermənilərin "Xaç suyuna salınması" və ya absurd tarix”, “Oğurlanmış kilsələr”, “Müsəlman ziyarətgahlarının məhv edilməsi”, "Daşnak üçün öldürülmüş erməni qiymətlidir" və s. Faktların, xronikaların və sitatların təsnifatının orijinal tematik prinsipi sayəsində oxucu "erməni məsələsi"nin müxtəlif aspektləri, ermənilərin tarixi saxtakarlıqlarının texnologiyası və "böyük Ermənistan"ın uydurma tarixinin yaradılması metodu ilə bağlı nüfuzlu əcnəbi ekspertlərin fikirlərini asanlıqla əldə edə və faydalana bilər.
Təqdimat zamanı 5 hissədən ibarət "Qafqazda Ermənistan...Mövcud olmamış ölkə?.." videoçarxı nümayiş etdiriləcək. Filmin birinci iki hissəsi “Rusiya tarixi İli”nə həsr edilib və bunun çərçivəsində Rusiya taxt-tacının sahiblərinin erməni ekstremizminin azğınlığına qarşı qərarları haqqda nadir faktlar təqdim olunub.
Videoçarxın digər hissələrində qədim Azərbaycan torpaqlarında Ermənistan Sovet Respublikasının yaradılmasından sonra və bu günə kimi Azərbaycan toponimlərinin, mədəniyyətinin, tarixinin, arxitekturasının tamamilə məhv edilməsi haqqında faktlar ilk dəfə keyfiyyətcə yeni rakursda nümayiş etdirilib.