Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun bir gün öncə yekun sənədində əks olunan Qarabağ probleminə dair Bakının mövqeyini dəstəklədiklərinə görə minnətdarlığını bildirib.
“Suveren dövlətin müstəqil xarici siyasət yürütmək hüququ hücuma məruz qaldığı zaman, dövlətin müstəqilliyi, ərazi bütövlüyünə təcavüz olunursa, beynəlxalq ictimaiyyət neytral mövqedə qala bilməz”, - deyə nazir Əlaqələndirmə Bürosunun Şarm-el-Şeyxdə keçirilən iclasında çıxış edərək bəyan edib.
“Bununla əlaqədar biz QH-nin iştirakçı ölkələri tərəfindən Azərbaycanın beynəlxalq aləmdə tanınan sərhədlərinin möhkəmliyi, suverenitetinin, ərazi bütövlüyünü dəstəklədiklərini görməyə şadıq”, - deyə E.Məmmədyarov qeyd edib ki, bu dəstək beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyü və suverenitetinə qarşı Ermənistan tərəfdən hərbi təcavüzün nəticələri ilə barışmayacağının təzahürüdür.
XİN başçısı vurğulayıb ki, Azərbaycan Hərəkatın hədəfləri və ruhu prinsiplərinə sadiqdir. “Azərbaycan müstəqil xarici siyasəti yürüdür və heç bir hərbi alyansın iştirakçısı deyil”, - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycan üçün Hərəkatın əsas məqsədi beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin qorunması, norma və beynəlxalq hüquqlara riayət etmək və suveren dövlətlərin azadlıq prinsiplərinin təminatıdır.
E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində münasibətlərin inkişafına böyük əhəmiyyət verir, üzv ölkələrlə ikitərəfli münasibətləri aktivləşdirir. Nazir məlumat verib ki, Azərbaycanda Hərəkata bir neçə üzv ölkələri üçün inkişafa yardım layihələrinin reallaşdırılmasına başlanılıb. “Biz gələcəkdə bu fəaliyyətin genişləndirilməsini müzakirə edirik”, - deyə o bəyan edib.
XİN başçısı həmçinin bildirib ki, Bakı QH çərçivəsində iqtisadi inteqrasiya və əməkdaşlıq potensialından istifadə üçün praktiki addımlari dəstəkləyir.