“Azərsu”ASC “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün podratçı seçir.
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Almaniyanın İnkişaf Bankı (KfW) tərəfindən maliyyələşdirilən işlər “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində həyata keçirilir. Bu mərhələdə Şəkidə 75 min abonentin su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.
Görüləcək işlərə Şəkidə hər birinin 3 min kubmetr tutumu olan 3 yeni su anbarının tikintisi, 1 min kubmetr tutumu olan mövcud su anbarının bərpa edilməsi, Kiş çayından (içməli su mənbəyi) 7 km uzunluqda mağistral su kəmərinin çəkilməsi və s.daxildir.
Tenderdə iştirak haqqı 100 manat ($125)təşkil edir.
Şirkətlərin tender təklifləri iyunun 21-nə qədər qəbul edilir.
Xəbər verildiyi kimi,Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsində Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin müasirləşdirilməsi üzrə işlər nəzərdə tutulur. Almaniyanın “Kreditanstalt fur Wiederaufbau” bankı (KfW) Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi üçün Azərbaycana 37 mln. avro həcmində kredit verilməsi barədə qərar qəbul edib. Bu layihənin həyata keçirilməsi üçün İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) 10 mln. avro həcmində qrant, Azərbaycan hökuməti 7 mln. avro ayırıb.