Maliyyə Nazirliyi Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin yaradılması layihəsini fəal reallaşdırır. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.
Maliyyə Nazirliyinin məlumatında S.Şərifova istinadən qeyd edilir ki, informasiya texnologiyalarının tətbiqi xəzinədarlıq vasitəsilə büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsini və şəffaflığını artırıb.
Bundan başqa, dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması, büdcə daxilolmalarının daha səmərəli istifadə olunmasının təmin edilməsi, bu sahədə nəzarətin gücləndirilməsi, məlumatların daha operativ emal edilməsi məqsədilə Dövlət büdcəsinin vəsaitlərinin daha səmərəli istifadə edilməsi üçün Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi layihəsi uğurla həyata keçirilir.
“Bakı şəhəri üzrə Xəzinədarlıq idarələrinin, həmçinin Gəncə şəhəri, Xaçmaz və Abşeron rayonları üzrə maliyyə idarələrinin sistemə qoşulması və xəzinə əməliyyatlarının Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin çərçivəsində aparılması tam şəkildə başa çatdırılıb”, - deyə S.Şərifov qeyd edib.
Cümə axşamı maliyyə naziri Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsinin açılış mərasimində iştirak edib. Hazırda 2 saylı Xəzinədarlıq İdarəsi hazırda 90-na yaxın büdcə təşkilatına xidmət göstərir.
Məlumatda qeyd olunur ki, cümə axşamı Maliyyə Nazirliyinin Abşeron rayonu üzrə Maliyyə İdarəsinin yeni inzibati binası istifadəyə verilib.