“DəmirBank” 1997-ci ildən Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) $68 mln. məbləğində kredit cəlb edib. Bu barədə “DəmirBank”ın məlumatında deyilir.
Xəbər verildiyi kimi, çərşənbə axşamı tərəflər “DəmirBank”a 10 il müddətinə $7 mln. məbləğində subordinasiya kreditinin verilməsinə dair saziş imzalayıb. “DəmirBank” subordinasiya krediti almış ilk Azərbaycan bankıdır.
Məlumata görə, vəsait kiçik və orta biznesin kreditləşməsinə yönəldiləcək.
"DəmirBank və AYİB 1997-ci ildən əməkdaşlıq edir və bu günə qədər Avropa bankı tərəfindən ümumilikdə təxminən $68 mln. məbləğində 10 kredit ayrılıb", - deyə məlumatda “DəmirBank”ın İdarə Heyətinin sədri Roman Əmircanova istinadən qeyd edilir.
“DəmirBank” 1989-cu ildə yaradılıb və respublikanın ən iri özəl banklarından biridir. Bankın səhmdarları 850-dən çox fiziki və hüquqi şəxsdir. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (25%+1 səhm) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO, 10%) var.