Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Tsetska Tsaçeva iki ölkə arasında əməkdaşlığın möhkəmlənəcəyinə əminlik ifadə ediblər.
Bakıda keçirilən görüşdə dövlət başçısı yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini vurğulayıb, Bolqarıstan Respublikası Xalq Məclisi sədrinin səfərinin, həmçinin baş nazir Boyko Borisovun bu yaxınlarda ölkəmizə gəlişini xatırlayaraq həmin səfərlərin əlaqələrimizin dinamik inkişafının nümunəsi kimi dəyərləndirib. Prezident iki ölkə arasında enerji, turizm və digər sahələrdə mövcud olan bir sıra birgə layihələrin önəmini qeyd edib. İ.Əliyev parlamentlərarası əməkdaşlığa toxunaraq Avronest layihəsində iki ölkənin fəal əməkdaşlığından məmnunluğunu ifadə edib.
Bolqarıstan Xalq Məclisinin sədri Tsetska Tsaçeva Azərbaycan ilə Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü ərəfəsində Bolqarıstan parlament nümayəndə heyətinin Azərbaycana səfərinin önəmini vurğulayaraq ali qanunverici orqanlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.