Samux rayonunun kəndlərində qrunt sularının aktivləşməsinin qarşısını almaq üçün drenaj kanallarının təmizləməsinə və yeni kanalların qazılmasına başlanılıb. Bu barədə çərşənbə axşamı "İnterfaks-Azərbaycan" agentliyinin regional müxbiri məlumat verir.
"Bu işlər Yenikənd su anbarı, Kür və Qabırrı çaylarının yaxınlığında yerləşən yaşayış massivlərində torpağın şoranlaşmasının qarşısını almaq üçün aparılır", - deyə Yenikənd bələdiyyəsinin sədri Fəxrəddin Baxşəliyev bildirib.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin müdiri Fazil Tağıyev qeyd edib ki, ümumilikdə rayonda 145 min hektar torpaqda şoranlaşma prosesi gedir.
Drenaj kanallarının qazılması və təmizlənməsi prosesi rayonun daha çox qrunt sularına məruz qalan Burunqovaq, Qırmızı Samux, Lüksemburq və Yenikənd kəndlərində aparılır.