2012-ci ilin I rübün yekunlarına görə “ABB-Moskva” Bankının aktivləri 22,082 mlrd. rubl təşkil edib, bu isə 2011-ci il aprelin 1-nə olan göstəricidən 23% çoxdur. Bu barədə Azərbaycan Beynəlxalq Bankın (ABB) mətbuat xidmətindən məlumat verilib.
Aprelin 1-nə bankın kredit portfeli 16 510 mln. rubl (2011-ci il aprelin 1-nə olan göstərici ilə müqayisədə artım 50%) təşkil edib. İl ərzində fiziki şəxslərin kreditləşdirmə həcmi 85% - 2 401 mln. rubla qədər, hüquqi şəxslərin – 46% - 14 109 mln. rubla qədər artıb.
“ABB-Moskva”nın depozit portfeli il ərzində 21% - 2012-ci il aprelin 1-nə 19,586 mlrd. rubla qədər artıb. Bununla yanaşı, ötən ilin analoji dövrü ilə müqayisədə fiziki şəxslərin əmanətləri 23,5% - 2 996 mlrd. rubla qədər artıb.
Bankın məcmu kapitalı il ərzində 29,8% - 2,089 mlrd. rubla qədər artıb.
2012-ci ilin I rübün yekunlarına görə “ABB-Moskva” Bankının xalis mənfəəti 36,817 mln. rubl təşkil edib.
2012-ci il aprelin 1-nə olan vəziyyətə görə, bank 32 980 plastik kart buraxıb, bu isə 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 16% çoxdur. Aprelin əvvəlinə olan məlumata görə, bank 51 bankomat və 240 pos-terminala malikdir.
“ABB-Moskva” 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının 100% törəmə qurumu kimi yaradılıb. Hazırda bank şəbəkəsi Moskva, Sankt-Peterburqada və Yekaterinqburqda 15 satış ofisini əhatə edir.