Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İran tərəfini Bakıda keçiriləcək beynəlxalq “Eurovision” mahnı müsabiqəsinə yalnız mədəniyyətlərarası tədbir kimi yanaşmağavə siyasiləşdirməməyə çağırıb.
“Bunun olduğu kimi görünməsini istəməyənlərin mövqeyi və hərəkətləri ancaq acı təəssüf doğurur”, - deyə QMİ bazar ertəsi yaydığı bəyanatda qeyd edir.
Məlumatda qeyd edilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün müxtəlif dinc formalardan istifadə edir. “Evrovision” məhz həmin mübarizənin tərkib hissələrinə güc verəcək bəşəri formatlı tədbirdir. QMİ vurğulayır ki, Azərbaycan Respublikası dünyəvi dövlətdir və “onun həm yaxın, həm də uzaq qonşuları vətəndaşlarımızın bu seçiminə hörmət etməlidirlər”.
Bununla yanaşı, QMİ son vaxtlar İran media məkanında siyasi əxlaq və milli-mənəvi dəyərlərə uyuşmayan, dövlətlərimiz arasında dost-qonşuluq münasibətlərinə kölgə salan təbliğat və təşviqat ünsürlərinə rast gəlindiyinə təəssüf etdiyini bildirir. “Qəbuledilməz haldır ki, aksiyalarda yüksək nüfuz sahibi olan şəxslərin ünvanına Azərbaycan və İran mentalitetinə yaraşmayan şər-xəta sözlər səsləndirilir”, - deyə məlumatda qeyd olunur.
Məlumatda bildirilir ki, belə bir informasiya gərginliyinin yaradılmasında erməni mənşəli veb-saytların qızışdırıcı rolu və ondan alışan etirazlarda ilk növbədə qonşu soydaşları qarşı-qarşıya qoymaq istəyənlərin məkrli məqsədi aydın sezilsə də, təəssüf ki, qarşı tərəfdə bu niyyətə rəvac verənlər tapılır. Məlumatda bildirilir ki, Azərbaycanın rəsmi şəxsləri İran dövlətinə mehriban qonşuluq və dost münasibətini siyasi mövqe olaraq dəfələrlə açıqlayıblar. “Ona görə də çoxəsrlik əlaqələrimizin perspektivini yox etmək məqsədi güdən bəzi qurumların və milli mənəviyyat düşmənlərinin əlində təbliğat alətinə çevrilmək yetər”, - deyə QMİ-nin məlumatında vurğulanır.