Vergilər Nazirliyi 2011-ci il iyulun 1-dən 2012-ci il mayın 1-dək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan 26,416 min fiziki şəxsi onlayn sistemdə qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi 2011-ci il iyulun 1-dən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin onlayn qeydiyyat sistemini tətbiq edib.
"2011-ci il iyulun 1-dən 2012-ci il mayın 1-dək 26,416 min fiziki şəxs elektron formada qeydiyyatdan keçib (o cümlədən 2011-ci ilin II yarısında 10,075 min və 2012-ci ilin yanvar-aprel aylarında 16,341 min fiziki şəxs - İF-Az)", - deyə nazirliyin nümayəndəsi bildirib.
Onlayn sistemin tətbiqi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı planlaşdıran fiziki şəxslərin qeydiyyat prosesinin sadələşdirilməsinə yönəldilib. Qeydiyyat prosesi bir neçə dəqiqə vaxt aparır və sahibkarlar İnternet Vergi İdarəsi vasitəsilə qeydiyyat haqqında ərizə vermək imkanına malikdirlər. Qeydiyyat zamanı fiziki şəxslər fərdi kod və parol-şifrə alır. Gələcəkdə onlar bu parol-şifrə vasitəsilə elektron formatda vergi bəyannamələrini təqdim etmək imkanına malikdirlər.
Bu cür qeydiyyat sistemi sahibkarlara internet vasitəsi ilə istənilən yerdən qeydiyyat haqqında ərizə göndərməyə imkan verir.