Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi çox qeyri-stabildir və pozula bilər. Milli Məclisin deputatı, politoloq Sahib Alıyev belə hesab edir.
“Bu gün atəşkəs rejiminin daima qorunmasına arxayın olmaq olmaz”, - deyə S.Alıyev Dağlıq Qarabağ münaqişəsinin zonasında atəşkəs rejiminin 18 illiyi ilə əlaqədar “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Bununla əlaqədar, politoloq qeyd edib ki, rəsmi Bakı öncədən Qarabağ probleminin “dondurulmuş münaqişə” adlandırılmasına qarşı çıxış edib. “Qarabağ münaqişəsi “dondurulmayıb”, hər an onun təkrarlanması təhlükəsi mövcuddur. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tez-tez baş verən insidentlər bunu sübut edir”, - deyə deputat qeyd edib.
S.Alıyev bildirib ki, Bakının bu mövqeyini ATƏT-in Minsk qrupu həmsədrləri də bölüşürlər. “Onlar bu münaqişənin təkrarlanması imkanını bəyan edirlər, bi isə region üçün böyük təhlükədir”, - deyə o bildirib.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayından qüvvədədir. ATƏT münaqişə tərəflərinin barışıq şərtlərini yerinə yetirməsi haqqında məlumat əldə etmək üçün bu təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməyi ilə qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər təşkil edir.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.