“AXA Mbask” Fransa-Azərbaycan sığorta şirkəti sığorta proseslərinin avtomatlaşdırılması üçün “Extranet” xarici korporativşəbəkəni işə salıb. Bu barədə şirkətdən məlumat verilib.
“Extranet” şəbəkəsi onlayn sistemdə fəaliyyət göstərən və yalnız şirkətin sığorta agentləri üçün nəzərdə tutulan parol ilə müdafiə olunan informasiya mühitidir.
“Extranet”də əsas diqqət real zaman rejimində sığorta şirkəti ilə məlumat mübadiləsinə yönəlib. Həmçinin funksional agentlərə portfelinə müstəqil şəkildə nəzarət etmək və satılan sığorta polisləri üzrə hesabatlılıq tərtib etmək, qazanılan komissiya məbləği barədə ündəlik əsasda məlumat əldə etmək, müştərilər barədə məlumat bazası aparmaq və sığorta müqavilələrin təzələnmə prosesinə nəzarət etmək imkanı verir.
“Extranet” şəbəkəsi agentləri bizim informasiya mühitinə qoşmağa və onlara biznesi asanlıqla və operativ idarə etmək imkanı verəcək. Bu isə şübhəsiz ki, onların məhsuldarlığı və səmərəliyində, o cümlədən, onların təqdim etdikləri xidmətin səviyyəsində özünü göstərəcək”, - deyə məlumatda şirkətin İdarə Heyətinin sədrinin birinci müavini Rəşad Abbasovun sözlərindən sitat gətirilir.
“AXA Mbask” sığorta şirkəti qısa müddət ərzində yalnız paytaxtda deyil, həm də Azərbaycanın digər regionlarında geniş yayılmış agentlər şəbəkəsini yaradıb. Hazırda bura 60-dan çox agent daxildir.
“AXA Mbask” sığorta şirkəti 1992-ci ildə yaradılıb və yığılan sığorta haqlarının həcminə görə Azərbaycanın 5 aparıcı sığorta şirkəti sırasına daxildir. Şirkətin nizamnamə kapitalı 6 mln. 730,840 min manata bərabərdir. Şirkətin səhmdarları AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros (51%) şirkətləri və Azərbaycan vətəndaşı Eldar Qəribovdur (49%).
Şirkətin 2012-ci ilin I rübündə sığorta haqları yığımını 3 mln. 841,635 min manat, ödənişlərə - 1 mln. 276,266 min manat təşkil edib.