2012-ci ilin yanvar-aprel aylarında Azərbaycanda qızıl hasilatı 399,6 kq təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 34,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar-aprel aylarında 399,6 kq qızıl, 291,8 kq gümüş hasil edilib və bu həcm emala göndərilib. Həmin dövrdə gümüş istehsalı 45,5% azalıb”, - deyə DSK nümayəndəsi bildirib.
Xəbər verildiyi kimi, Azərbaycanın qızıl yataqlarının işlənilməsi ilə məşğul olan Azerbaijan International Mining Company (AMIC) 2009-cu ilin mayında Gədəbəydə qızıl-mis emalı zavodunu istismara verib.
AMIC “Gədəbəy” yatağı da daxil olmaqla Azərbaycanın 6 qızıl yatağının işlənilməsi layihəsinin operatoru olan Anglo-Asian Mining PLC şirkəti (R.V. Investment Group Services LLS şirkəti tərəfindən təsis edilib) tərəfindən yaradılıb. Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 min ton mis hasilatı planlaşdırılır.