Avropa İttifaqı Azərbaycanda demokratik inkişafla bağlı yaranan bir sıra problemlərə anlayışla yanaşır və onların tezliklə həllinə ümid edir. Bu barədə Avropa İttifaqı Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bəyan edib.
“Necə deyərlər, Moskva dərhal tikilməyib, buna görə biz Azərbaycan hökuməti, həmçinin regionun digər ölkələri ilə mövcud problemlərin həlli üçün iş aparırıq”, - deyə R.Kobia bu günlərdə açıqlanan Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində ölkəmizlə münasibətlərdə əldə olunan tərəqqiyə həsr olunan hesabatda qeyd edilən Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti şərh edərək cümə axşamı mətbuat konfransında bəyan edib.
“Mən, bizim yalnız Azərbaycanı tənqid etdiyimizi deyənlərlə razı deyiləm”, - deyə o bəyan edib. Nümunə olaraq o Brüsselin digər tərəfdaşları olan Ukrayna və Belarusa daha sərt münasibətini qeyd edib.
Avropa İttifaqı Azərbaycandakı nümayəndəliyinin rəhbərinin sözlərinə görə, demokratiya sahəsində müəyyən təkmilləşmələr göz qabağındadır.
“Məsələn ki, son həftələr ərzində Bakıda bəzi aksiyalar keçirilməyə başlayıb. Bu məni ruhlandırır, çünki nümayişlər demokratik ölkənin siyasi həyatında normal hadisədir”, - deyə o bildirib.
Bununla yanaşı, R.Kobia vurğulayıb ki, nümayiş mütləq deyil ki, dövlət əleyhinə xarakter daşısın və nümunə kimi, gənclərin bu yaxınlarda Bakı Dənizkənarı Parkda keçirdikləri Avropaya dəstək aksiyasını qeyd edib.
Aİ nümayəndəsi həm də Azərbaycanın demokratik inkişafı ilə bağlı müəyyən aspektlərin, həmçinin qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.