Mayın 17-də Bakıda Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak ediblər. Bu barədə rəsmi mətbuat xəbər verir.
“Afrika incəsənəti qeyri-adidir. Çünki buradakı hər bir əsər böyük mənaya malikdir və özündə güclü enerji ehtiva edir”, - deyə L.Əliyeva sərginin açılışında bildirib.
Onun sözlərinə görə, burada 11 rəssam tərəfindən yaradılmış müasir sənət nümunələri nümayiş olunur. “Ümumilikdə, müasir sənət dünyasında Afrika rəssamlarının rolu getdikcə daha da yüksəlir. Ötən 20 ildə Afrika rəssamlarının sayı əhəmiyyətli dərəcədə artıb”, - deyə o qeyd edib.
“Azərbaycan mədəniyyətini bütün dünyada təbliğ edən Heydər Əliyev Fondu hər zaman başqa mədəniyyətlərə böyük hörmət və ehtiramla yanaşıb”, - deyə L.Əliyeva söyləyib.
O həmçinin deyib ki, bu sərgi Azərbaycan əhalisinə Afrika mədəniyyətini kəşf etməyə imkan verəcək. “Sərgi çox əlamətdar bir gündə təşkil edilib. Çünki bir neçə gündən sonra biz “Eurovision” mahnı müsabiqəsinin ən həyəcanlı anlarının şahidi olacağıq”, - deyə vitse-prezident vurğulayıb.
Alman kolleksioneri Bernd Klein tədbirdə çıxış edərək bu kolleksiyanı uzun illərdir ki, topladığını deyib, iştirakçılara Afrika incəsənəti haqqında məlumat verib.
Ekspozisiyada Afrikanın 7 ölkəsini təmsil edən 11 rəssamın 63 əsəri təqdim olunub.
Sərgiyə çıxarılmış əsərlərin tematikası əsl dəyərlər uğrunda mübarizəyə, dəb dünyasının obrazlarına, müxtəlif mərasimlərə, Afrika folkloruna və digər mövzulara həsr olunub.