İrandan Azərbaycana narkotik vasitələrin qanunsuz idxal edilməsi səyləri artır. Bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev bəyan edib.
“Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin və onların İrandan Azərbaycana idxalı faktlarının artmasına baxmayaraq, sərhəd mühafizə qüvvələri və digər hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində bu təşəbbüslərin qarşısı alınır”, - deyə E.Quliyev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Iranla əməkdaşlıq istiqamətində “müsbət meyllər” müşahidə olunur. “İran sərhədçiləri tərəfindən bis neçə əməliyyat aparıb. Nəticədə, qanunsuz narkotiklərin dövriyyəsi ilə məşğul olan yeddi nəfərdən ibarət mütəşşəkkil cinayətkar qrup aşkarlanaraq zərəsizləşdirilib. Bu qrup iki Azərbaycan vətəndaşını girov saxlayıb. Əməliyyat nəticəsində onlar azad edilib” – deyə E.Quliyev qeyd edib.
DSX rəhbəri Gürcüstanın Sərhəd Xidmətinin rəhbəri Zaza Qoqava ilə birgə Gürcüstanla sərhəddə yerləşən Böyük Kəsik sərhəd nəzarət məntəqəsinin zabit və gizirləri üçün inşa olunan 5 mərtəbəli, 31 mənzilli yaşayış binasının istifadəyə verilməsi mərasimində iştirak edib. “Zabit-gizir heyətinin mənzil problemlərinin həlli sözsüz ki, sərhəd təhlükəsizliyinə müsbət təsir göstərir. Bütün sərhəd - nəzarət məntəqələrində çox ciddi işlər aparılır. Bu gün bu məntəqələr dünyanın ən müasir tələblərinə cavab verir” – deyə E.Quliyev bildirib.