SOCAR və Vyetnamın “Vyetnam Oyl and Qaz Qrup” şirkəti (“Petrovyetnam”) Azərbaycanın quru ərazilərində “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun işlənilməsi ilə bağlı razılığa gəlib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Cümə günü Bakıda iki şirkət arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas ticari prinsipləri və müəddəalarına dair müqavilə imzalanıb. Sənədi Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və “Petrovyetnam” şirkətinin vitse-prezidenti Nguyen Vu Truong Son imzalayıblar”, - deyə məlumatda bildirilir.
N.Son əmin olduğunu bildirib ki, tezliklə birgə səylər nəticəsində “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun işlənilməsi haqqında sazişin imzalanmasına nail olunacaq.
“Muradxanlı-Cəfərli-Zərdab” yataqlar bloku İmişli rayonu ərazisində yerləşir. “Muradxanlı yatağı” 1971-ci, “Cəfərli” yatağı 1984-cü, “Zərdab” yatağı 1981-ci ildə kəşf edilib.
İndiyədək bu yataqlarda 183 quyu qazılıb, 3,4 mln. ton neft və 100 mln. kubmetr təbii qaz hasil edilib.
Blokun qalıq ehtiyatları 1,8 mln. ton neft və 36 mln. kubmetr qaz həcmində qiymətləndirilir. Hazırda blokda 77 quyu istismar edilir.