SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Neftqaztikinti” Tresti Gürcüstan ərazisində “Abaşa-Senaki qaz xəttinin 29 km-lik hissəsinin tikintisi” layihəsinin podratçısı olub. Bu barədə SOCAR-dan məlumat verilib.
“Neftqaztikinti” Tresti “Gürcüstan Neft və Qaz Korporasiyası” tərəfindən “Abaşa-Senaki qaz xəttinin 29 km-lik hissəsinin tikintisi” layihəsi üzrə elan edilən tenderin qalibi olub. Qaz xəttinin keçəcəyi ərazidə Noqela və Texura çay keçidləri, əsas kanal və magistral yol keçidləri mövcuddur. Qaz xəttinin üzərində 3 siyirtmə qovşağı tikiləcək və qaz xəttinin elektrokimyəvi mühafizəsi işləri aparılacaq”, - deyə məlumatda bildirilir.
Trest artıq Gürcüstan ərazisində bir neçə layihə həyata keçirib. Belə ki, 2011-ci ildə “SOCAR Georgia Gas” MMC-nin sifarişi ilə Gürcüstanda Marneuli rayonunun Alqeti, Təzəkənd və Didi Muqanlo kəndlərinə, Duşeti şəhəri və yaxınlıqda yerləşən kəndlərə orta təzyiqli qaz xətlərinin tikintisi layihələrini icra edib.
Hazırda Trest Marneuli rayonunun Keşalo kəndinin qazlaşdırılması işlərini yerinə yetirir.