Azərbaycan haqlı olaraq Keşikçi dağ məbədi (gürcü variantında David Qareci kompleksi – İF-Az) yerləşən Gürcüstanla sərhəddə post qurub, cünki məbədin yerləşdiyi hissə Azərbaycan ərazisidir. Bu barədə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bazar ertəsi mətbuat konfransında bəyan edib.
“Bu Azərbaycan ərazisidir və onun Azərbaycan tərəfindən mühafizəsi tam qanuna uyğundur”, - deyə o bildirib.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan və Gürcüstan beynəlxalq səviyyədə tanınan biri-birlərinin ərazi bütövlüyünü tanıyır və ərazi mübadiləsi və ya bu sərhədlərin dəyişdirilməsi barədə söhbət ola bilməz.
Prezident Administrasiyasının nümayəndəsi bu məsələnin tezliklə həll edilməsinə ümid etdiyini bildirib. O, bu məsələnin Gürcüstanda ayrı-ayrı dairələrin spekulyasiya mövzusuna çevrilməsinə təəssüf etdiyini qeyd edib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev öz növbəsində mətbuat konfransında məlumat verib ki, Keşikçi dağ məbədi məsələsi Azərbaycan və Gürcüstan prezidentləri tərəfindən NATO sammiti çərçivəsində Çikaqoda müzakirə edilib.
“Azərbaycanla Gürcüstan arasında bu məsələ ilə bağlı problem, mübahisə yoxdur. Lakin, öz maraqları daxilində bu məsələdə spekulyasiya etməyə çalışan qüvvələr mövcuddur”, - deyə E.Abdullayev bəyan edib. O əlavə edib ki, Gürcüstanda müəyyən dairələr bu məsələ ətrafında süni gərginlik yaradır.
Diplomat bu məsələnin tezliklə sərhədlərin delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiya çərçivəsində həll ediləcəyinə əmin olduğunu bildirib.