Azərbaycan “Eurovision” mahnı müsabiqəsinin hazırlanmasında tam şəffaflığı təmin edib. Bu səbəbdən müsabiqəyə hazırlıq zamanı guya vətəndaşların mülki hüquqlarının pozulmasının tənqidini əsassız hesab edir. Bu barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan edib.
“Eurovision” çərçivəsində keçirilən “Bakı Crystal Hall”ın tikintisi, infrastruktur işlərinin aparılmasında heç bir qaranlıq məqamlar yoxdur”, - deyə Ə.Həsənov bazar ertəsi mətbuat konfransında bildirib.
Bununla əlaqədar o təəssüflə bildirib ki, bəzi yerli jurnalistlər və xarici nəşrlər Bakıda aparılan abadlıq işlərini “Eurovision” ilə əlaqələndirirlər. Onun sözlərinə görə, yenidənqurma işləri çərçivəsində vətəndaşların bir yerdən digərinə köçürülməsi dünyanın bütün ölkələri üçün adət halını alan haldır.
Ə.Həsənov, Maliyyə Nazirliyi tərəfindən elan edilən məlumatlara istinad edərək mətbuatda müsabiqənin hazırlanmasına inanılmaz böyük xərclər barədə böyüdülən məsələyə aydınlıq gətirib.
“Azərbaycan hökuməti “Eurovision”un keçirilməsinə cəmi 50 mln. manat ayırıb”, - deyə o bəyan edib.