Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Chirag Oil Project (COP) reallaşdırılması çərçivəsində planlaşdırılan tikinti işlərinin 62%-ni yerinə yetirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABƏŞ-dən məlumat verilib.
“COP çərçivəsində tikinti işləri qrafik üzrə aparılır və hazırda bütün işlərin 62%-i yerinə yetirilib", - deyə şirkət nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, 2012-ci il ərzində platformanın yuxarı tikililərinin tikintisini başa çatdırmaq, platformanın dayaq blokunu dənizə göndərmək və bir sıra digər işlər planlaşdırılır.
Bundan başqa, Chirag Oil Project çərçivəsində həmçinin qabaqlayıcı quyuların qazılması davam edir.
“Hazırda qabaqlayıcı qazma proqramı çərçivəsində 14 quyu qazılıb, gələcəkdə istifadə üçün müvəqqəti dayandırılıb. Hazırda J07 quyusunun qazılması aparılır. Sonra, ikinci rübdə J11, üçüncü rübdə - J10 və J14, dördüncü rübdə – J08, J13 və J12 quyuları qazılacaq”, - deyə şirkətdən qeyd ediblər.
“Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları: BP (Böyük Britaniya - 35,78% - operator), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), “Hess” (2,72%) şirkətləri, Azərbaycanın SOCAR (11,65%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “ITOCHU Oil” (4,3%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin “TPAO” (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatına 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 21-dən, “Günəşli” yatağının dərinsulu hissəsindən isə 2008-ci il aprelin əvvəllərindən neft hasilatına başlanılıb.
“Azəri-Çıraq-Günəşli” layihəsinin səhmdarları Çıraq Neft Layihəsi (Сhirag Oil Project) çərçivəsində tikinti işlərinin başlanmasına 2010-cu il martın 9-da sanksiya verib. Bu layihə çərçivəsində 360 mln. barel neftin hasil edilməsi planlaşdırılır. Layihənin gerçəkləşdirilməsi üçün $6 mlrd. həcmində investisiya cəlb olunacaq. İnvestisiyaların ümumi həcmindən $4 mlrd. obyekt və qurğuların tikintisinə, qabaqlayıcı quyuların qazılması proqramına, daha $2 mlrd. isə neft hasilatı dövründə platformadan quyuların qazılmasına yönəldiləcək.
Сhirag Oil Project “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsidir və “Çıraq” yatağının qərb hissəsində neft hasilatını, “Çıraq -1” və “Dərinsulu Günəşli” platformaları arasında dənizin 170 metr dərinliyində yerləşəcək yeni “Qərbi Çıraq” qazma və yaşayış platformasının inşasını və qurulmasını nəzərdə tutur. “Qərbi Çıraq” platformasından sutkalıq neft hasilatı 160-185 min barel həcmində gözlənilir.