Çərşənbə axşamı Milli Məclisdə 14 məsələyə,o cümlədən bir sıra dövlətlərarası və hökumətlərarası sazişlərin ratifikasiyasına və qanun layihələrinə baxılacaq.
“İnterfaks - Azərbaycan”agentliyinə respublikanın qanunverici orqanından verilən məlumata görə, Milli Məclisdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının birinci sammitinin bəyannaməsinin təsdiq edilməsi , "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında", "Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişlərin təsdiq edilməsi planlaşdırır
Bundan əlavə, Milli Məclisin iclasının gündəliyinə "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun (üçüncü oxunuş), "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun (ikinci oxunuş), "Dövlət rüsumu haqqında", "Prokurorluq haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında "Konstitusiya Məhkəməsi haqqında"qanuna dəyişikliklər barədə qanun layihələri daxil edilib
Həmçinin, "Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" qanunlara dəyişikliklər haqqında, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanununun layihəsi də iclasda müzakirəyə çıxarılacaq.