“PEC N.V.” şirkəti Azərbaycan Mərkəzi Bankında (AMB) “Cash Management” sistemi yaradacaq. Bu barədə bankdan məlumat verilib.
“PEC N.V.” şirkəti AMB-nin keçirdiyi müvafiq tenderin qalibi olub. “PEC N.V.” ilə müqavilə imzalanıb”, - deyə məlumatda vurğulanır.
Sistem inzibati binada, 2 №-li Xəzinə saxlancında, beş Regional Mərkəzində və yeni yaradılacaq “Cash Center”də tətbiq ediləcək.
“Cash Management” özündə aşağıdakı modulları əks etdirəcək: real vaxt rejimində xəzinələrdə əməliyyatlar və qalıqlar; real vaxt rejimində kassa əməliyyatları; real vaxt rejimində nağd pulun emal əməliyyatları və onun nəticələrinin avtomatlaşdırılmış qaydada balans düzəlişləri; kommersiya bankları və Regional Mərkəzlərlə real vaxt rejimində nağd pul sifarişlərinin və elanların ötürülməsi və qəbulu əməliyyatları; real vaxt rejimində Regional Mərkəzlərlə əməliyyatlar və qalıqlar; nağd pulun İdarəedməsi və Planlaşdırılması üzrə Statistik və Analitik Hesabatlıq.
Bundan başqa, sistem real vaxt rejimində Baş Mühasibatlıq Sisteminə interfeysə; avtomatlaşdırılmış əskinasçeşidləyici sistemlərə interfeysə; pul nişanlarının məhv edilməsi sistemlərinə interfeysə; real vaxt rejimində yeni yaradılacaq “Cash Center”də tam avtomatlaşdırılmış Avadanlıqlara nəzarət Sisteminə interfeysə; real vaxt rejimində Klirinq sisteminə interfeysə; AMB-nin “Date Warehouse” informasiya şəbəkəsinə interfeysə; pul nişanlarının hərəkətinin izlənməsini təmin etmək üçün inteqrasiya olunmuş Barcode və RFİD sistemlərinə malik olacaq.
Şərtlərə əsasən, “Cash Management” sistemi müqaviləsi imzalandığı gündən etibarən 18 ay müddətində AMB-nin inzibati binasında, növbəti 6 ay müddətində 2№-li xəzinə saxlancında və Regional Mərkəzlərdə və “Cash Center”də quraşdırılıb təhvil verilməlidir.
“PEC N.V.” şirkəti 1984-cü ilə Belçikada yaradılan “PEC” şirkətlər qrupuna daxildir. Şirkət avtomatlaşdırma, həmçinin mexanika, robot texnikası, elektronika və proqram təminatı üzrə kompleks layihəlrin reallaşması ilə məşğul olur.