Meksika Azərbaycanla İKT sektorunda, xüsusi ilə kosmik sahədə əməkdaşlıqda maraqlıdır.Meksika Kosmik Agentliyinin baş direktoru Xavier Mendieta belə söyləyib.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatında bildirilir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov X.Mendieta ilə görüşüb.Görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Ə.Abbasov görüşdə hər iki ölkə şirkətlərinin İKT sektoruna qarşılıqlı investisiyalarının təşviqinin, təşəbbüslərin reallaşdırılmasının və hər iki tərəf üçün bazarın genişləndirilməsinin zəruriliyini qeyd edib.Həmçinin, nazir birinci telekommunikasiya peykinin buraxılması üzrə işlərin gedişindən danışıb.Orbitə çıxış cari ilin sonunda həyata keçiriləcək.Həmçinin, Yer səthinin tədqiqi üçün aşağı orbitli zondlama peykinin 2013-cü ildə orbitə buraxılması planlaşdırılır.
Ə.Abbasov Meksika Kosmik Agentliyinin “Azərikosmos”QSC ilə əməkdaşlığının çox faydalı olacağına inandığını bildirib.
X.Mendieta öz növbəsində Azərbaycanla İKT sektorunda, xüsusi ilə kosmik sahədə əməkdaşlığa hazır olduqlarını bildirib.O qeyd edib ki, “Azərikosmos”la bu istiqamətdə əməkdaşlıq üçün bütün imkanlar nəzədən keçiriləcək.
Azərbaycana səfər çərçivəsində Meksika Kosmik Agentliyinin nümayəndələri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İstehsalat Birliyində, Milli Aviasiya Akademiyasında, «Azərkosmos» ASC-də görüşlər keçirib.