Şəmkirdə “Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Bu barədə konfransın təşkilatçısı olan İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Tədbirdə dövlət strukturlarının nümayəndələri, Gəncə-Qazax regionunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Konfransda çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərovaqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması istiqamətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalının beynəlxalq standartlara uyğun təşkilinin və qabaqcıl təcrübənin tətbiq olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Onun sözlərinə görə, aqrar sektorda düşünülən strategiyanın reallaşdırılması, müasir texnika və texnologiyaların tətbiqi əsasında intensiv metodlardan geniş istifadənin stimullaşdırılması və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi bu sahənin rəqabətqabiliyyətinin artırılmasına, məhsul istahsalının genişləndirilməsinə imkan yaradır.
Nazir müavini əlavə edib ki, hazırda Azərbaycan bir çox kənd təsərrüfatı və əsas ərzaq məhsulları ilə özünü yerli istehsal hesabına təmin edə bilir.
Konfrans iştirakçıları Gəncə-Qazax regionunun ASK sektorunda yüksək potensialını, innovativ sahibkarlığın inkişaf perspektivlərini qeyd ediblər.