Ombudsman Aparatı Şəki şəhərində insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması ilə bağlı ictimai dinləmələr keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbiri xəbər verir.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova tədbirdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı insan hüquqları sahəsində islahatların yeni mərhələsi kimi” mövzusunda məruzə edib.
Tədbirdə Şəki-Zaqatala bölgəsi və ətraf rayonların icra hakimiyyəti və bələdiyyələrin, məhkəmə, polis, prokurorluq orqanlarının yerli şöbələrinin, həmçinin digər qurumların nümayəndələri iştirak ediblər.
Bundan başqa, E.Süleymanova ötən ilin sonlarından etibarən “Pilləli uşaq hüquqlarının tədrisi” proqramı əsasında təlimlərin keçirildiyi 10 saylı orta məktəbdə şagirdlərlə görüşüb. Təlimləri uğurla başa vuran 62 şagirdə sertifikat verilib.