Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Goranboy rayonunda türkiyəli iş adamlarının müəsssələrində olub. Bu barədə çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbiri xəbər verir.
"Azərbaycan kənd təsərrüfatı, turizm və digər sahələrdə inkişaf etmiş potensiala malikdir. Bununla əlaqədar olaraq Azərbaycana daha çox sərmayə qoyuluşları lazımdır. Türkiyə bu sahədə böyük təcrübəyə malikdir. Və bundan faydalanmaq lazımdır", - deyə səfir bildirib.
O həmçinin qeyd edib ki, türkiyəli iş adamları rayonda 15 adda müxtəlif tikinti materialları istehsal edirlər.
Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev diplomata rayonun imkanları və yaradılmış şərait haqqında məlumat verib.