Azərbaycan Mərkəzi Bankı (AMB) “Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili” mövzusunda seminar keçirib. Bu barədə AMB-dən məlumat verilib.
Kommersiya banklarının rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə seminarda pul nişanlarının mühafizə üsulları, nağd pulla əməliyyatlarda risklərin idarə olunması və digər məsələlər müzakirə olunub.
“Kompüter və kopiya texnologiyalarının sürətli inkişafı nəzərə alınaraq milli valyutanın saxtalaşdırılması ilə bağlı risklər də artır. Bu vəziyyət pul nişanlarının saxtalaşdırılması ilə mübarizədə müvafiq tədbirlərin gücləndirilməsini tələb edir”, - deyə məlumatda AMB-nin baş direktoru Aqşin Vəliyevə istinadən qeyd edilir.
AMB əməkdaşları həmçinin pul nişanlarının ekspertizasına, kommersiya bankları ilə nağd pulla əməliyyatlarda potensial risklər və onların aradan qaldırılmasına həsr edilən təqdimatlar keçiriblər.
A.Vəliyev o cümlədən, kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılmasının vacibliyini qeyd edib.