Pakistan və Azərbaycan arasındakı dostluq əlaqələri və strateji tərəfdaşlıq beynəlxalq və regional təşkilatlar çərçivəsindəki əməkdaşlıqda da özünü göstərir. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Pakistanın Azərbaycandakı səfiri İnayatullah Kakarla görüşdə bəyan edib.
“Pakistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə tərəfdardır”, - deyə V.Talıbov söyləyib.
Qeyd olunub ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Pakistanın sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı qətnamə qəbul edilib, Pakistan Senatı azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımını tanıyıb, bu günədək işğalçı Ermənistanla diplomatik əlaqələr yaratmayıb. NMR Ali Məclisinin sədri bunu Pakistanın Azərbaycana siyasi dəstəyinin ən bariz nümunəsi kimi dəyərləndirib, ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Pakistan xalqına və dövlətinə hörmət və ehtiramını bildirib.
Naxçıvan MR ilə Pakistan arasında müxtəlif sahələrdə əlaqələrin yaradıldığını bildirən V.Talıbov mədəniyyət, təhsil, turizm, iqtisadi və ticarət sahəsində əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayıb.
Səfir İ.Kakar deyib ki, Pakistan Azərbaycanla əlaqələrin daha da dərinləşməsinə ciddi maraq göstərir. Onun sözlərinə görə, Pakistan və Azərbaycan arasında tarixi köklərə malik olan əlaqələr zəngin mədəniyyət, din və adət-ənənələrə əsaslanır.
İ.Kakar Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Pakistanın regional və beynəlxalq müstəvidə bundan sonra da Azərbaycanın yanında olacağını vurğulayıb. Naxçıvan Muxtar Respublikasında ilk dəfə olduğunu bildirən səfir qeyd edib ki, Azərbaycanın bu qədim diyarının hərtərəfli inkişafı böyük məmnunluq doğurur.
Görüşdə əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Səfər çərçivəsində səfir Naxçıvan MR-in təhsil və istehsal müəssisələri, qədim tarixi abidələri və görməli yerləri ilə tanış olacaq, bir sıra görüşlər keçirəcək.