Erməni tərəfi qəsdən Azərbaycan və Gürcüstan arasında Keşikçi dağ alban kilsəsinin (David Qareci monastır kompleksi) mənsubiyyəti məsələsinə yanaşma fərqlərini şişirdir. Milli Məclisin keçmiş deputatı, politoloq, Gürcüstan sakini Mais Səfərli belə hesab edir.
“Bəzi qüvvələr qəsdən Keşikçi dağ məbədi ətrafında qalmaqalı şişirtməyə çalışır və bu qüvvələri, şübhəsiz, Ermənistan və Gürcüstanda yaşayan ermənilər idarə edir”, - deyə M.Səfərli “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Kompleksin bir hissəsinin iki dövlət arasında sərhəddə yerləşdiyinə dair Azərbaycan və Gürcüstan arasında mübahisəli anları şərh edərək, M.Səfərli qeyd edib ki, bu məsələ ilə əlaqədar “ermənilər xüsusi fəallaşıb”. “Ermənilər hər zaman və indi də Azərbaycan və Gürcüstan arasında sıx, dostluq münasibətlərini korlamağı və maksimum problemlər yaratmağı arzu edirlər”, - deyə ekspert bildirib.
Bununla yanaşı, M.Səfərli hesab edir ki, Azərbaycan və Gürcüstan arasında mövcud olan Keşikçi dağ məbədi ətrafında yanaşmalarda fərqlər bu dövlətlər arasında münasibətləri korlamayacaq.
“Azərbaycanın yurisdiksiyası altında olan bu monastıra gürcülər sakitcə daxil ola və orada dini mərasimlər yerinə yetirə bilərlər. Gürcüstan hökuməti öz tərəfindən həmçinin, bu tarixi abidə ətrafında problemin şişirdilməsində maraqlı deyil”, - deyə o bildirib.