Azərbaycan XİN-i Avropa Parlamentinin ölkədə insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən son qətnaməsini yanlış və ədalətsiz hesab edir.
“Eurovision” müsabiqəsinin keçirildiyi dövrdə bu cür qətnamənin qəbul edilməsi, hər hansı məsələni araşdırmadan, buna səthi yanaşaraq, qeyri-dürüst, az saylı deputatın iştirakı ilə düşünülməmiş, yanlış və ədalətsiz addımdır”, - deyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev cümə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, Avropa Parlamentinin bəzi nümayəndələri bu fikri bölüşür.
“Hər hansı insidentin şişirdilməsi və kütləvi xarakter daşıdığı kimi qələmə verilməsi və onun siyasləşdirilməsi Avropa Parlamentinin neytral mövqeyinə böyük zərbədir. Şübhəsiz, bu qərar Azərbaycana qarşı çirkin kampaniyanın tərkib hissəsidir və Azərbaycanın imicinə zərər vurmaq məqsədi daşıyır”, - deyə E.Abdullayev bildirib.
XİN nümayəndəsi Avropa Parlamentinin deputatlarının Azərbaycanın əsassız tənqid edilməsi ilə məşğul olmalarına və Avropada həqiqətən problemli mövzu olan ksenofobiya və atnisemitizmə fikir vermədiklərinə təəccüb edir.
“Ayrı-ayrı şəxslər tərəfindən törədilən cinayətlərin siyasiləşdirilməsi yolverilməzdir. Azərbaycanda müxalifət və media üçün yaradılan imkanların heç biri Avropa ölkələrindən geri qalmır. Hətta bəzi hallarda yüksəkdir”, - deyə E.Abdullayev bildirib.
Onun sözlərinə görə, Avropada sifarişli məqalələr yazan medianın arxasında kimlər durduğunu Azərbaycanda yaxşı bilirlər.
“Heç kəs Azərbaycana təzyiq göstərə bilməz”, - deyə o sözünü bitirib.
Xəbər verildiyi kimi, cümə axşamı Avropa Parlamenti iclasda Azərbaycan hökümətindən söz azadlığı və toplaşmaq azadlığına qarşı hər hansı hərəkətləri dayandırmaq tələb edildiyi qətnamə qəbul edib.