SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Soroof İnternational” şirkəti ilə Səudiyyə Ərəbistanında neftin-qazın kəşfiyyatı, hasilatı, işlənilməsi, emalı, nəqli, habelə neft-kimyası sahələrində uzunmüddətli müştərək layihələrdə iştirak etmək üçün birgə müəssisə yaradacaq. Bu barədə SOCAR-dan məlumat verilib.
“Cümə günü Bakıda şirkətlər arasında Səudiyyə Ərəbistanının neft-qaz sahəsində uzunmüddətli layihələr reallaşdırılması üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Soroof İnternational” şirkətinin prezidenti əlahəzrət şahzadə Bander Bin Abdallah Bin Muhəmməd əl-Səud imzalayıblar”, - deyə məlumatda qeyd edilir.
Sənəddə tərəflərin fəaliyyət göstərəcək birgə müəssisənin yaradılması və həmin müəssisənin vasitəsi ilə neftin-qazın kəşfiyyatı, hasilatı, işlənilməsi, emalı, nəqli, habelə neft-kimyası sahələrində uzunmüddətli müştərək layihələr həyata keçirmək niyyətləri əks edilib.