“Meliorasiya və su təchizatı” SC “İsmayıllı rayonunda su təchizatı, kanalizasiya sistemləri və su təmizləyici qurğuların tikintisi” layihəsi çərçivəsində işləri davam etdirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SC-dən məlumat verilib.
“Yaxın 30 il ərzində əhalinin artımını nəzərə alaraq, layihə İsmayıllı şəhərində 30 min nəfərin içməli suya tələbatının təmin edilməsini nəzərdə tutur. Bu məqsədlə 175,246 кilometr ümumi uzunluqda su bölüşdürücü boru kəməri şəbəkəsinin tikintisi nəzərdə tutulur”, - deyə SC-dən bildirilib.
Bundan başqa, layihə çərçivəsində 4400 kubmetr tutumlu beş su anbarı tikilir.
“Layihə həmçinin, 142,981 kilometr ümumi uzunluqda plastik borulardan kanalizasiya şəbəkəsinin və çirkab suların təmizlənməsi sisteminin çəkilməsini nəzərdə tutur. İndividual qayda ilə hər bir ev su təchizatı və kanalizasiya sisteminə qoşulacaq, o cümlədən su sayğacları quraşdırılacaq”, - deyə SC-dən qeyd edilib.