Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Bakıda terror-təxribat aksiyalarını törətmək cəhdinin qarşısını alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MTN-dən məlumat verilib.
“Transmilli cinayətkar silahlı birləşmənin əsas məqsədlərindən biri “Eurovision-2012” müsabiqə ərəfəsində və keçiriləcəyi zaman Bakıda terror-təxribat aksiyalarını törətmək olub”, - deyə MTN-in İctimai Əlaqələr Mərkəzindən çərşənbə günü məlumat verilib.
MTN-in əməkdaşlarının həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində “Eurovision” mahnı müsabiqəsi keçirilən dövrdə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran Vüqar Padarovun rəhbərlik etdiyi silahlı birləşmə zərərsizləşdirilib.
MTN-in İctimai Əlaqələr Mərkəzinin məlumatına əsasən, silahlı birləşmə bu məqsədlə
əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin, başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması və hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etmək planlaşdırılıb.
Qeyd olunur ki, silahlı birləşmə məqsədlərinin reallaşması üçün Dağıstan Respublikası ilə həmsərhəd rayonlarda və dağ-meşə massivlərində dəstəyə mənsub silahlı qrupların gizlənəcəyi, müvəqqəti yaşayacağı yerlərin, blindajların və qazmaların hazırlanmasını nəzərdə tutub.
Transmilli cinayətkar silahlı birləşmənin zərərsizləşdirilməsi məqsədi ilə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron, Xaçmaz və Şabran rayonlarında irimiqyaslı xüsusi əməliyyatlar keçirilib. “Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimətin qarşısı alınıb, o cümlədən Vüqar Padarov məhv edilib, silahlı birləşmənin əksər üzvləri tərkisilah edilərək tutulublar”, - deyə MTN-in İctimai Əlaqələr Mərkəzindən qeyd edilib.