2012-ci ilin aprel ayında vahid icazələr portalının (www.icazeler.gov.az) 5 mindən artıq internet istifadəçisi olub. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, İİN 2012-ci ilin mart ayının ortalarında www.icazeler.gov.az portalının təqdimatını keçirib.
İİN-in məlumatına görə, aprel ayında ABŞ, Böyük Britaniya, Fransa, Avstriya, Rusiya daxil olmaqla 130-a yaxın olkədən internet istifadəçilər www.icazeler.gov.az səhifəsinə daxil olub.
Xəbər verildiyi kimi, bu portalın yaradılması sahibkarlığın inkişafında inzibati maneələrin aradan qaldırılmasına, İKT sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqinə, qabaqcıl informasiya sistemlərinin yaradılmasına, şəffaflığın artırılmasına yönəlib. Saytda hər fəaliyyət növü üzrə lisenziyalar və icazələrin alınması şərtləri barədə bütün məlumat yerləşdirilib.
Bundan başqa, sahibkarlar sayt vasitəsilə dövlət orqanları tərəfindən hazırlanan və lisenziyalaşdırma və yerləşdirməyə dair ayrı-ayrı normativ sənədlərin layihələri ilə tanış olmaq imkanı əldə edirlər. Bu sənədlərin layihələri saytda yerləşdiriləcək, sahibkarlar onlar barədə təklif və rəylərini bildirə biləcəklər.