Qəbələdə böyrək transplantasiyası üzrə əməliyyatlar keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ Müalicə-Diaqnostika Mərkəzində ilk dəfə 4 hemodializ xəstəsinə böyrək transplantasiyası həyata keçirilib.
Xeyriyyə aksiyasında onlara yaxın qohumlarının böyrəyi köçürülüb.
Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin 20 nəfərlik tibbi heyəti tərəfindən aparılan 8 əməliyyat uğurla başa çatıb. Hazırda bütün pasiyentlər özlərini yaxşı hiss edirlər.