“Azərsu”ASC Saatlı şəhərində su və kanalizasiya sistemlərini yenidən qurmağa başlayıb.Bu barədə cəmiyyətin məlumatında bildirilir.
Bu layihə çərçivəsində çərşənbə günü təməlqoyma mərasimi keçirilib.
“ Hazırda Saatlı şəhəri içməli su ilə Araz çayından götürülən su ilə təchiz olunur. Lakin Saatlı şəhəri və və ətraf kəndlərdə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının aparılması üçün Kür Sutəmizləyici Qurğular Kompleksindən yeni magistral kəmər çəkiləcək ki, bu kəmər vasitəsi ilə rayona saniyədə 80 litr su ötürüləcək”,- deyə məlumatda bildirilir.
ASC-nin məlumatına əsasən,layihənin reallaşdırılması 38531 nəfərin su təchizatını yaxşılaşdıracaq.
“Bu məqsədlə şəhərdaxili 120,5 km uzunluğunda içməli su və 139,7 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 3170 ünvanda qoşulma işləri aparılacaq.Bundan başqa, 395 yanğın hidrantı quraşdırılacaq, tutumu 3100 kubmetr olan su anbarı, məhsuldarlığı sutkada 6500 kubmetr olan çirkab sutəmizləyici qurğu inşa olunacaq”,- deyə məlumatda qeyd olunur.
Saatlı şəhərində tikinti quraşdırma işləri 2014-cü ilin I rübündə başa çatdırılmalıdır.İşlər Dünya Bankının “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində ayırdığı kredit hesabına həyata keçiriləcək.İşlərin podratçısı “Azərsutəchizattikinti” ASC-dir.
Xəbər verildiyi kimi,2007-ci ildə DB Azərbaycana paytaxtın və ölkə regionlarının su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üçün $230 mln. məbləğində birinci krediti təqdim edib.Bu layihənin həyata keçirilməsi üçün $80 mln . məbləğində vəsait isə Azərbaycan Hökuməti tərəfindən ayırır.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank 44 lahiyənin həyata keçirilməsi üçün $3 mlrd. məbləğində kredit ayırıb.Respublikada 20 layihə üzrə bankın cari portfeli $2,3 mlrd. təşkil edir.