Azərbaycan tərəfi “Evrovision-2012” mahnı müsabiqəsinin iştirakçılarının yüksək səviyyədə təhlükəsizliyini təmin edib. Bu barədə
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəyan edib.
“Biz (Azərbaycan tərəfi –İF-Az) “Evrovision”un bütün iştirakçıları və müsabiqənin keçirilmə günlərində Azərbaycana gələn turistlərin təhlükəsizliyi təmin edilib”, - deyə Ə.Həsənov cümə axşamı jurnalistlərə bildirib.
“Azərbaycan “Evrovision”un keçirilməsinin ən yaxşı nümunəsini nümayiş edib”, - deyə o vurğulayıb.
Prezident Administrasiyasının nümayəndəsi xatırladıb ki, Azərbaycanda müsabiqənin keçirilməsi ərəfəsində radikal dini dairələrin də daxil olduğu bir sıra Azərbaycan əleyhinə qüvvələrdən hədə-qorxular daxil olub. “Biz dövlət olaraq Azərbaycana gələn bütün iştirakçıların təhlükəsizliyinə zəmanət vermişdik. Bütün hüquq-mühafizə orqanları gücləndirilmiş rejimə keçmişdi. Bunun nəticəsi olaraq terror və “Evrovision”un pozulması cəhdlərinin qarşısı alınıb”, - deyə Ə. Həsənov bildirib.
Bir gün öncə Milli Təhlükəsizlik Nazirliyi Bakıda “Evrovision” zamanı terror aktları, o cümlədən respublika Prezidentinə sui-qəsd niyyətində olan terrorist birləşmənin zərərsizləşdirilməsi barədə məlumat yayıb.