Azərbaycan hökuməti iyunun 1-dən əhalinin SSRİ Əmanət Bankındakı əmanətlərinin birdəfəlik verilməsi prosesinə hazırdır. Bu barədə maliyyə naziri Samir Şərifov cümə axşamı mətbuat konfransında məlumat verib.
"Biz sabahdan əhalinin 1992-ci il 1 yanvar tarixinə SSRİ Əmanət Bankındakı əmanətlərinin birdəfəlik verilməsi prosesinə başlamağa hazırıq. Əmanətçilər vəsaitləri almaq üçün iyunun 1-dən “Kapital Bank” ASC-nin xüsusi məntəqələrinə ərizə verə bilərlər”, - deyə nazir bildirib.
O qeyd edib ki, əgər əmanətçinin bütün sənədləri qaydasında olarsa, ödəniş 1 gün ərzində həyata keçiriləcək. “Biz vətəndaşlara vəsaitləri son dərəcə tez verməyə çalışacağıq. Sənədlərlə bağlı problem olmadıqda, vəsaitlərin maksimum verilmə müddəti 5 gündür”, - deyə S.Şərifov söyləyib.
Nazir vurğulayıb ki, Azərbaycanda əmanətlər üzrə indeksləşdirmə prosesi MDB-nin digər a ölkələrində analoji proseslərdən olduqca fərqlənir. "Bir sıra MDB dövlətlərində bu proses uzun müddət - 5-10 və hətta 20 il vaxt aparır . Azərbaycanda isə vəsaitlərin verilməsi prosesi 19 ay ərzində həyata keçiriləcək. Vətəndaşların ərizələri 2012-ci il dekabrın 31-dən qəbul edilir, vəsaitlərin verilməsi isə 2013-cü il dekabrın 31-nə qədər başa çatacaq", - deyə S.Şərifov bildirib.
Nazirin sözlərinə görə, inventarizasiya zamanı SSRİ Əmanət Bankında 2,4 mln. hesabın olduğu müəyyən edilib. “Bizim qiymətləndirmələrimizə görə, əmanətlərin qaytarılması üçün 1 mlrd. manata yaxın vəsait lazım olacaq”, - deyə o əlavə edib.
Ərizələrin qəbulunun və vəsaitlərin verilməsinin təşkili üçün “Kapital Bank”ın 65-i Bakıda, qalanları isə regionlarda olmaqla 143 məntəqəsi yaradılıb və əlavə 350 nəfər cəlb edilib.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ilin mart ayında 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə birdəfəlik fərdi ödənişlərin edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, birdəfəlik fərdi ödənişlər 1992-ci il 1 yanvar tarixinə əmanətləri olan əmanətçilərə veriləcək.
Birdəfəlik ödəmə əmanət qalığının məbləğindən asılı olaraq aşağıdakı qaydada hesablanacaq: əmanət 2 min rubla qədər olduqda (0,04 manat) əmanət qalığının hər bir qəpiyi üçün 75 manat, 2 mindən 5 min rubla qədər olduqda (0,04 manatdan 0,1 manata qədər) - 300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat, 5 mindən 10 min rubla qədər olduqda (1 manatdan 0,2 manata qədər) - 600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat, 10 min rubldan yuxarı olduqda (0,2 manatdan) – 1 min manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat veriləcək.