İnformasiya əldə etmək üçün mümkün çərçivələri müəyyən edən qanun layihəsi Azərbaycan parlamentinin müzakirəsinə təqdim edilib.
“İnformasiya əldə etmək haqqında” qanuna informasiya əldə etmək üçün mümkün çərçivələri müəyyən edən əlavə maddə daxil edilir”, - deyə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli cümə günü komitənin iclasında bəyan edib.
Onun sözlərinə görə, yeni maddədə qeyd olunur ki, informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
“Bu əlavəni informasiya əldə etməyə məhdudiyyət qoyulmağa yönələn addım kimi anlamaq lazım deyil. Bu sahədə mümkün çərçivələr müəyyən edilmədikdə sui-istifadə faktları ola bilər”, - deyə Ə.Hüseynli bildirib.