Milli Məclisə müəyyən olunmayan yerlərdə məişət zibilinin tullanması üçün cərimələrin tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Cümə günü Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi İnzibati Xətalar Məcəlləsinə düzəlişləri müzakirə edib. Dəyişikliklərə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimələr nəzərdə tutur.
Bundan başqa, Məcəlləyə düzəlişlər şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunacaqlar.