Milli Məclis qanunvericiliyə ümumvətəndaş (xarici) pasportlarının verilməsi müddətinin azaldılmasını nəzərdə tutan dəyişiklikləri müzakirə edəcək.
Milli Məclisdən "İnterfaks-Azərbaycan" agentliyinə verilən məlumata görə, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna təklif edilən əlavə və dəyişikliklər xarici pasportların verilməsi müddətinin 10 iş gününə qədər azaldılmasını nəzərdə tutur.
"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunun qüvvədə olan redaksiyasında xarici pasportların verilməsi müddəti 30 iş günü müəyyən edilib.
Dəyişikliklərə əsasən, Azərbaycanda 18 yaşadək uşaqlara da pasport veriləcək. Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırılmasını nəzərdə tutan müddəa qanundan çıxarılır. Ümumvətəndaş pasportları 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşına çatmış uşaqlara veriləcək.
Bundan başqa, pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın adı, atasının adı, soyadı dəyişdikdə və ya pasport, onun elektron daşıyıcısı yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir.
Pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilməlidir.
Təklif olunan dəyişikliklərə əsasən, 2013-cü il iyunun 1-dək verilən pasportlar etibarlılıq müddəti bitənədək və ya vətəndaşın soyadı, adı, atasının adı dəyişənədək, yaxud pasport itənədək, yararsız hala düşənədək və ya pasportun üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.