ABŞ dövlət katibi Hillari Klinton Cənubi Qafqaz ölkələrinə turnesinin gedişində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov belə hesab edir.
"Güman edirəm ki, Hillari Klinton Bakıda və İrəvanda olduğu zaman Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkil edilməsi təşəbbüsü ilə çıxış edə bilər", - deyə o, dövlət katibinin bu həftə Cənubi Qafqaz ölkələrinə başlayan səfərini "İnterfaks-Azərbaycan" agentliyinə şərh edərkən bildirib.
Onun sözlərinə görə, ABŞ həmişə Qarabağ münaqişəsinin nizamlanması üzrə irəliləyişin əldə olunmasında maraqlı olub, "lakin bunun çətin yerinə yetirilən məsələ olduğunu da başa düşüb".
"ABŞ dünyada yeganə qüdrətli dövlət olmaqda davam edir və buna görə bu və ya digər beynəlxalq məsələnin bu ölkə tərəfindən dəstəklənməsi böyük əhəmiyyət kəsb edir", - deyə politoloq qeyd edib.
O hesab edir ki, ABŞ Azərbaycana təzyiq rıçaqlarına malik olmasa da, Vaşinqtonun Ermənistana göstərdiyi iqtisadi yardımı nəzərə alaraq bu ölkəyə təsir etmək iqtidarındadır.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.